NATO-nun baş katibi: "Rusiya Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmət etməlidir"

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.  APA TV-nin “UNİAN”a istinadən verdiyi xəbərə görə, o bu barədə öz “twitter” səhifəsində yazıb.  “Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinə hörmət etməlidir, bu həmçinin Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə də aiddir”, deyə o bildirib və Krımda vəziyyətin təcili normallaşmasının vacibliyini əlavə edib. “NATO müttəfiqləri sıx əlaqələndirməni davam etdirməlidirlər” deyə NATO-nun baş katibi vurğulayıb. 

 

Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko isə ABŞ və NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını şərh edərkən bəyan edib ki, NATO-nun Ukraynaya qoşun yeritməyə heç bir əsası yoxdur. “Biz NATO və ABŞ-a Ukraynaya qoşun yeritməyə razılıq verməmişik” deyə Matviyenko bildirib. 

 

Müəllif | Apa.Tv