Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızdır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.  İmtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb, 15:30-da sona çatıb. Tələbələr imtahanın normal keçdiyini bildiriblər. Bununla yanaşı çətin sualların da olduğunu deyənlər oldu. Sualları anlamaqda çətinlik çəkənlər də tapıldı.

İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunub. İtahan rəhbəri Zöhrə Hüseynova imtahanın səliqəli aparıldığını qeyd etdi. Bildirdi ki, Bakı Biznes Universitetində 600-ə yaxın bakalavr maqistraturanın birinci pilləsinə imtahan verib.

 

Nəzarətçi müəllim Sona Bayramova imtahanın qaydalara uyğun keçdiyini dedi. Müəllim dedi ki, imtahan götürdüyü auditoriyada bir nəfər  imtahana gəlməyib.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may-1 iyun tarixlərində keçiriləcək. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova