NATO Rusiyanı Ukraynadan çıxmağa çağırdı, Con Kerri Kiyevə gedir
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefon söhbətində Krımdakı vəziyyəti araşdırmaq üçün ATƏT-in himayəsi altında işçi qrup yaradılmasına razılıq verib. Almaniya kansleri yenidən Rusiya prezidentini Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Merkel Ukraynaya müdaxilənin qəbuledilməz olduğunu bildirib və Putini beynəlxalq müqavilələri pozmaqda günahlandırıb. Məlumata görə, Vladimir Putin Krımda vəziyyətin nizamlanması üzrə siyasi dialoqa başlamağa razılaşıb.
ABŞ prezidenti Barak Obama da Avropa ölkələrinin liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib. Birləşmiş Ştatlar prezidenti bəyan edib ki, Rusiyanın Krımla bağlı mövqeyi legitim deyil.
ABŞ-ın dövlət katibi Con Kerrinin sabah Kiyevə səfər edəcəyi gözlənilir. O, Ukraynanın keçid hökuməti ilə məsləhətləşmələr aparacaq, Ukraynaya dəstək istiqamətində atılacaq addımları müzakirə edəcək.
Krım böhranı NATO Şurasında da müzakirə edilib. Şimali Atlantika Alyansı Ukrayna və Rusiyanı BMT Təhlükəsizlik Şurası və ya ATƏT-in vasitəçiliyi ilə təcili dialoqa çağırıb. NATO-nun saytında yerləşdirilən bəyanatda deyilir ki, alyans Rusiya Federasiyasının Krımda hərbi fəallığı artırmasını pisləyib, Ukraynaya qarşı hərbi əməliyyatın beynəlxalq normalara zidd olduğunu bəyan edib. NATO xatırladıb ki, Rusiya "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüdür və üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmalıdır.