Obama: “Rusiya qoşunları yaxın saatlarda Krımı tərk etməsələr, Moskva ciddi itkilərlə üzləşəcək”
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Rusiyanın Krımdakı fəaliyyəti yolverilməzdir. Hər iki dövlət başçısı telefon söhbətində Rusiya prezidentinə çağırış ediblər. Onlar deyiblər ki, əgər yaxın saatlar ərzində Rusiya qoşunları Krımı tərk etməsə, Rusiya son dərəcə ciddi itkilərlə üzləşəcək. Siyasətçilər həmçinin münaqişənin alovlanmaması üçün Ukrayna və Rusiyanı dialoqa çağırıblar.
Krıma daxil olan Rusiya hərbi birləşmələri isə Kerç sahil mühafizə dəstəsinin ərazisinə daxil olmağa cəhd göstəriblər. Hərbi hissənin yaxınlığında silahlı şəxslər yerləşdirilib. Ərazini mühasirəyə alan şəxslərlə danışıq aparılıb, onlar hərbi hissənin ərazisinə daxil olmaq istədiklərini bildiriblər. Hərbi hissəyə soxulmağa cəhd edənlər arasında maskalı mülki şəxslər də var. Ukrayna sərhədçiləri postlarını tərk etməyiblər, bölgədə gərginlik davam edir.
Ukrayna Baş Prokurorluğu isə Viktor Yanukoviç haqqında daha bir maddə ilə cinayət işi başlayıb. Baş prokuror Şuster Layf bildirib ki, Yanukoviç Rostovda məlum çıxışı etdikdən sonra onun haqqında Ukraynanın Konstitusiya quruluşunu devirməyə çağırış və cəhd maddəsi ilə cinayət işinin başlanmasına qərar verilib.