86-cı "Oskar"ın sahibləri - SİYAHI
ABŞ-ın Los-Anceles şəhərində 86-cı "Oskar" mükafatlarının təqdimat mərasimi keçirilib.
"Köləliyin 12 ili" filmi "Ən yaxşı film" seçilib. Aktrisa Keyt Blanşett kinorejissor Vudi Allenin "Yasəmən" filmindəki baş roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" alıb. "Ən yaxşı aktyor" nominasiyasında "Dallas alıcılar klubu"ndakı baş roluna görə aktyor Mettyu Makkonehi qalib gəlib.
"Arxa planda ən yaxşı kişi rolu" nominasiyasında bu filmdəki aktyor Cared Letoya verilib. "Arxa planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi isə "Köləliyin 12 ili" filmindəki rolu ilə aktrisa Lupita Nionqo olub.
İtalyan rejissor Paolo Sorrentinonun "Böyük gözəllik" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib gəlib.
"Cazibə qüvvəsi" kosmik dramının xüsusi effektlərini hazırlamışh komanda "ən yaxşı xüsusi effektlər", kinorejissor Morqan Nevillin "Ulduz olmağa 20 fut qalmış" sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyalarında qalib olub.
Danimarkalı Anders Valterin "Helium" filmi "Ən yaxşı qısametrajlı bədii film", "Böyük Qetsbi" filmi "Ən yaxşı kostyum dizaynı", "Dallas alıcılar klubu" lenti "Ən yaxşı qrim" nominasiyasında "Oskar" alıb. "Disney" studiyasının çəkdiyi "Frozen" ("Soyuq ürək") multfilmi "Ən yaxşı animasiya filmi" olub.
"Ən yaxşı rejissor" nominasiyasında "Cazibə qüvvəsi" filminə görə Alfonso Kuaron qalib gəlib. Həmin film "Ən yaxşı səs", "Ən yaxşı səs montajı", "Ən yaxşı operator işi" və "Ən yaxşı montaj" nominasiyalarında da "Oskar" alıb.