Araz Əzimov: "Şişirtmək lazım deyil..."
"Nəyisə tədris və ya təbliğ edən şəxs özü əvvəl ona uyğun davranmalıdır".
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin bir sıra dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatında yer alan Azərbaycana dair fikirləri şərh edərkən deyib: "Ümumiyyətlə, lazımsız hesab edirəm, amma bilirəm ki, artıq bu cür məruzələr ABŞ və Qərb dövlətləri haqqında başqa dövlətlər tərəfindən hazırlanır və olduqca əsaslandırılır. Burada bu məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və deməzdim ki, mənbələr hər zaman obyektiv ola bilər".
Araz Əzimovun sözlərinə görə, insan hüquqları, iqtisadi məsələ və ya insan cəmiyyətinin fəaliyyəti ilə bağlı hər hansı bir sahədə fikir irəli sürərkən ilk olaraq reallıqları nəzərə almaq lazımdır. Həmçinin mövcud vəziyyətlə əvvəlki vəziyyət müqayisə edilməlidir. Nazir müavini istənilən cəmiyyətin özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulayıb: "Buna düzgün münasibət bildirmək lazımdır. Şişirtmək lazım deyil. Ümumiyyətlə, Azərbaycan özü özünə yaxşı olmalıdır, kiminsə xoş sözünə görə yox..."