Azərbaycan XİN: Həmsədrlər ciddi addımlar atmaq barədə düşünmürlər

"Ceyms Uorlik bu vəzifədə təzə olmasını nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini daha dəqiq nəzərdən keçirməlidir".
APA TV-nin xəbərinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən belə deyib: "Mən "twitter"i oxumuram, bəlkə bu məni cənab Uorliklə fərqləndirən tək element deyil. Amma sözün düzü "twitter" Xocalı üçün yaraşmaz. Düzdür, Sumqayıtda hadisələr baş verib, amma bu hadisələrin səbəbləri, faktlar, ümumiyyətlə reallıqları tam başqadır. Mən bunu cənab Uorlikə "twitter"də bildirə bilməyəcəyəm, çünki orada yalnız 120 işarədən ibarət mesaj yazmaq olur".

Araz Əzimov "həmsədrlərin regiona səfərlərindən nə kimi gözləntilər ola bilər?" sualına heç vaxt şişdirilmiş və həqiqətdən uzaq olan gözləntilərinin olmadığı cavabını verib: "Həmsədrlər özləri fəaliyyətlərini nəzərdən keçirib hansısa ciddi addımlar atmaq barədə fikirləşməlidir. Lakin məncə bu, onların bu günlərdə prioritetinə daxil deyil".

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu dəfə fevral ayının ilk günlərində regionda səfərdə olublar.

 

Müəllif | Apa.Tv