"Eurovision - 2014" təmsilçimiz: "... İNANMIRAM"

Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində Dilarə Kazımova təmsil edəcək. Dilarə “Böyük səhnə” müsabiqəsində milli seçim turunun qalibi olub. Martın 3-də İctimai Televiziyada keçirilən mətbuat konfransında jurnalistlərin qarşısına çıxıb.  Təmsilçimiz sevindiyini, lakin bununla belə hələ də bu il Azərbaycanı məhz onun təmsil edəcəyinə inanmadığını bildirib.

 

Dilarə qeyd edib ki, mahnı seçimi hələlik bəlli deyil və bu istiqamətdə müzakirələr aparılır. Tam qərar isə martın 15-dən sonra açıqlanacaq. Final mərhələsinin münsiflər heyətində isveçli bəstəkar Stefan Örn, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Murad Arif, müğənni Eldar Qasımov və İTV-nin baş direktoru Cəmil Quliyev təmsil olunublar. Dilarə Kazımova mayın 6-da Kopenhagenin "B&W” Hallerne arenasında müsabiqənin ilk yarımfinalında səhnəyə çıxacaq.

 

Opera və vokal ifaçısı Dilarə Kazımovanın "Eurovision” milli seçim turunda bu üçüncü cəhdidir. O 2008-ci ildə ikinci yeri tutub, 2010-cu ildə isə final mərhələsində iştirak edib.

 

Müəllif | Apa.Tv