Belarus səfiri: "Azərbaycanla münasibətlərimiz strateji xarakter daşıyır"

 

"Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) həyata keçirdiyi layihələrin bir hissəsi beynəlxalq xarakter daşıyır".

APA TV-nin xəbərinə görə, "Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər" mövzusunda keçirilən dəyirmi masada çıxış edən mərkəzin direktoru Fərhad Məmmədov deyib ki, dünyanın 25 beyin mərkəzi ilə memorandumlar imzalanıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Belarus beyin mərkəzləri ilə əlaqələrin inkişafında maraqlıdır. O qeyd edib ki, iki ölkə rəhbərləri arasında çox səmimi və isti münasibətlər var və tərəflər  arasındakı iqtisadi münasibələr daim inkişaf edir.

 

Belarusun Prezident Administrasiyası yanında İnformasiya-Analitik Mərkəzin direktoru Aleksandr Bazanov iki ölkə arasında mövcud durum barədə məlumat verib. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasındakı münasibətlərin artıq strateji xarakter daşıdığını deyib. O bildirib ki, son illərdə iki ölkə arasındakı münasibətlər çərçivəsində dövlət rəhbərlərinin 6 səfəri həyata keçirilib, 90-dan artıq beynəlxalq razılaşma imzalanıb. Son 8 ildə  ölkələrimiz arasındakı məhsul dövriyyəsi 10 dəfə artaraq 29 milyon dollardan 290 milyon dollara çatıb. Onun sözlərinə görə, bu pozitiv inkişaf bu il də öz tempini qoruyacaq. Belə ki, cari il ərzində ötən ilə nisbətən 30 faiz artım proqnozlaşdırılır. Səfir eyni zamanda ölkələrimiz arasında humanitar və elmi sahələrdəki münasibətlərin inkişafını da zəruriliyini vurğulayıb.

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, akademik Ziyad Səmədzadə isə Belarusun həyata keçirdiyi yeni iqtisadi modellər barədə məlumat verib. O, qeyd edib ki,  Belarusun ümumi məhsul həcmi 71 milyard dollara çatıb, işsizlik səviyyəsi 1 faizə endirılib. Sonda Azərbaycan SAM və Belarus İAM arasında memorandum imzalanıb.

Müəllif | Apa.Tv