Saxta pulla "Dəmirbank"a külli miqdarda ziyan vuran dəstə zərərsizləşdirilib
Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib. Həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda “Paypoint” terminalları vasitəsi ilə dövriyyəyə saxta əsginaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb. APA TV-nin xəbərinə görə, polis əməkdaşları Binəqədi rayon sakini, 18 yaşlı Ehtiram Həsənzadəni şübhəli şəxs qismində saxlayıb. O, öz ifadəsində bildirib ki, saxta pulları bir qrup dostu ilə birgə hazırlayıb. Əməliyyatçılar Binəqədi rayon sakinləri, 21 yaşlı Kənan İbrahimov, 23 yaşlı Famil Babayev, 19 yaşlı Kazım Kazımlı, 18 yaşlı Abbas İbrahimov və Ağdaş rayonunda anadan olan 20 yaşlı Ələddin Səfərovu da müəyyən edərək istintaqa cəlb ediblər. Araşdırmalarla, həmçinin müəyyən olunub ki, qrup üzvləri saxta manatları Kənan İbrahimova məxsus xüsusi kompüter avadanlıqları vasitəsilə hazırlayıblar.
Əməliyyat zamanı saxta pulların hazırlanmasında istifadə olunan avadanlıqlar, eləcə də xeyli sayda saxta pul nümunələri və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər bildiriblər ki, saxta pullar dövriyyəyə daxil ediblər: "Ehtiram Həsənzadənin adına “Dəmirbank”da bank hesabı da açıb ordan həqiqi pula çevirirdik. Saxta manatlar hazırlandıqdan sonra dəfələrlə “MilliÖn” ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən “Paypoint” terminallarından cıxarmışıq".
Saxta pulların bir hissəsi “Paypoint” vasitəsi ilə Ehtiram Həsənzadənin bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginaslar çıxarılaraq mənimsənilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.