Rəhim Hümbətov: “Hələlik Krımda döyüşlər getməsə də, vəziyyət çox gərgindir”

"Sevindirici haldır ki, Krımda hələlik döyüş getmir". Bu sözləri "Krımın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Rəhim Hümbətov Krımdakı son vəziyyətlə bağlı APA TV-yə açıqlamasında deyib. O, muxtar vilayətdə vəziyyətin gərgin olaraq qaldığını, hakimiyyət binalarının silahlılar tərəfindən nəzarətə alındığını və binalara rus bayraqlarının asıldığını bildirib.

“Təəssüflər olsun ki, yeni hakimiyyət vəziyyəti gərginləşdirməkdə davam edir. Krım donanması yaradırlar. Nazirlər Şurasının sədri özünü Ali Baş Komandan elan edib, bütün güc strukturlarını özünə təhkim edib”.

Onun sözlərinə görə, rus ordusunun Krımda olmasını tənzimləyən beynəlxalq müqavilələr onların hakimiyyət orqanlarını nəzarət altına almasını nəzərdə tutmur.

“Rus ordusu vəziyyəti o qədər gərginləşdirib ki, hakimiyyət orqanlarını nəzarət altına alıblar. Onlar öz əhatə dairələrini daha da genişləndirirlər. Dünən Krım dövlət telekanalını nəzarət altına aldılar. Krımda yerləşən Ukrayna hərbi hissələrini mühasirəyə alır və hərbçilərin təslim olmasını, silahlarını təhvil verməyi tələb edirlər. Ukrayna hərbi hissələri isə bundan imtina edirlər”.

Rəhim Hümbətovun sözlərinə görə, Krımın cənubunda - Yaltada nə Rusiya ordusu, nə də gərginlik yoxdur. Mağazalar işləyir, insanlar işə gedir. Amma bütün hallarda insanlar çölə çıxmağa ehtiyat edirlər.

“Bu hadisələr baş verənə qədər Krımda separatçı fikirlər yox idi. Xalqı qıcıqlandıran, qorxuya salan Ukraynada olan radikalların Maydanın qələbəsindən sonra etdiyi hərəkətlər, antisemit çağırışlar, Ali Radanın ilk iclasında dil haqqında qanunun qəbuludur. Krımda da Maydan tərəfdarları var idi, sadə insanlar Maydanın tərəfdarları idi. Ümid var idi ki, rüşvətxor hakimiyyət gedəcək və insanların yaşayış səviyyəsi yüksələcək. Amma radikalların hərəkətləri insanları qorxuya saldı”.

Diaspor təşkilatının rəhbəri azərbaycanlılara silahlılar və mitinq olan yerlərə getməməyi tövsiyə edib. O, Krım Ali Radası qarşısında keçirilən mitinqdə azərbaycanlıların da iştirak etdiyini, lakin xəsarət alan olmadığını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv