Hökumətin "Sovetski" ilə bağlı SON QƏRARI AÇIQLANDI
"Allah eləməmiş, bir qəza baş versə, bu insanların axı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın".
APA TV-nin xəbərinə görə, bunu Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov deyib. Üç saatdan çox davam edən görüşdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumətin verdiyi cavabları oxuyub.
Bildirilib ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib: "Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min təklifləri əsassızdır".
Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Görüşdə iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov isə deyib ki, ərazidə yol qanunsuz bağlansa, aksiya keçirilsə, polis bunun qarşısını alacaq: “Oradan heç kim zorla köçürülməyəcək. Ancaq qanunsuz addımlardan çəkinmək lazımdır. Heç kimin ailəsindən bir gəncin saxlanılmasını istəmirik. Kim qanunları pozacaqsa, qanuna müvafiq addımlar atılacağını da bilməlidir”.
Sonda baş nazirin müavini Abid Şərifov deyib ki, ərazinin baş planının hazırlanması bir ay, ay yarım çəkəcək: "Evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək. 1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur".
Sonda görüşlərin davam etdiriləcəyi barədə razılıq əldə olunub.