Bakı-Şamaxı yolunda zəncirvari qəza: YOL BAĞLANDI
Bakı-Şamaxıt yolunun 12 kilometrliyində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, magistral yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində "50 AA 824" dövlət nömrə nişanlı "Hyundai Accent"lə "90 NX 475" nömrəli "VAZ 2115" və "90 EO 301" nömrəli "Nissan Xtrail" markalı maşınlar toqquşub.
Hadisə nəticəsində "Hyundai Accent"in sürücüsü 37 yaşlı İbrahim Məmmədov və sərnişini xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Yaralılar ətrafdakıların köməyi ilə 1 sayı şəhər klinik xəstəxanasına çatdırılıb. Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "VAZ 2115" in sürücüsü Rafiq Qasımov səbəb olub. 2 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın səbəbkarı hadisə yerindən qaçıb.
Qeyd edək ki, qəza ilə bağlı Bakı-Sumqayıt yolunda uzun tıxac meydana gəlib. Qəzada iştirak edən avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra əraziyə gələn yol patrul xidmətinin əməkdaşları magistral yolu açaraq nəqliyyatın normal hərəkətini təmin ediblər.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.