Bu gün OD ÇƏRŞƏNBƏSİDİR
Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan bir bayramdır. Novruza bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. İlin ikinci çərşənbəsi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır.
Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə, tonqalın qalanmasının spesifik özəlliyi var. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar.
Folklorşünas Seyfəddin Rzasoy APA TV-yə bildirib ki, çərşənbə günü qalanan tonqalın üstündən atlananlar "ağırlığım, uğurluğum odda qalsın" deyir: "Yəni il ərzidə yığılan ağrı-acı, xəstəlik odda qalsın. Novruzdan əvvəl kiçik çillə var ki, bu ay çox ağır hesab olunur, insanlara zülm edir. Mifologiyaya inanan insanlar da kiçik çilləni odla qovardılar".
Çərşənbə axşamlarında bir qayda olaraq, şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanardılar. Elə odu müqəddəs sayan insanlar da odla bağlı xeyli atalar sözü yaradıb - "Od imandır", "Od düşdüyü yeri yandırar", "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin".
"Hər çərşənbə axşamı mütləq gedib tonqal qalayırıq. Bu, artıq bir adətdir. Biz də bu adəti uşaqlarıma öyrədirik ki, unutmasınlar". İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Ocaq yananda səs çıxırsa, kimsə səndən danışır. Od çərşənbəsi günü gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və masanın üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu-bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur. Od çərşənbəniz mübarək.