Göyçayda 5 kəndi birləşdirən yeni yol çəkilir

Göyçayın bəzi kəndlərində əhali yol sarıdan neçə illərdir ki, əziyyət çəkir. Çala-çuxurlu kənd yollarında avtomobillər tez-tez sıradan çıxır, qısa məsafəni qət etmək üçün böyük vaxt sərf olunur. Belə bərbad vəziyyətə düşən yollardan biri də Cəyirli-Yenikənd avtomobil yoludur. 25 il öncə çəkilən bu yol təmir edilmədiyi üçün tamamilə dağılaraq yararsız hala düşüb. Hazırda 12 min əhalisi olan Cəyirli, Qızılağac, Şəkili, Kürdşaban və Yenikənd kəndlərini birləşdirən bu avtomobil yolunun yenidən qurulması istiqamətində işlər görülür.

 

APA TV-nin xəbərinə görə, ümumi uzunluğu 17.6 kilometr, eni 6 metr, qalınlığı 10 santimetr olan yolun çəkilişi üçün 10 müxtəlif təyinatlı texnika və 20-ə yaxın işçi qüvvəsi cəlb edilib. Yolda torpaq tarazlama işləri başa çatdırılıb, hazırda isə çınqıl daşın döşənməsi və asfaltlama işləri görülür. Bu günədək yolun 8.2 kilometrlik hissəsinə asfalt örtüyü döşənib.

 

İşlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov