Azərbaycanda ata ÖZÜNƏ BƏNZƏMƏYƏN KÖRPƏSİNİ ÖLDÜRÜB

Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı, 2012-ci il təvəllüdlü Mədinə Ələsgərovanı balışla boğaraq öldürüb. Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gündüz Ələsgərov tutulub.

 

APA TV-nin məlumatına görə, rayonun Kürd kəndində yaşayan 1968-ci il təvəllüdlü Gündüz Ələsgərov doğma qızını ona bənzəmədiyinə görə öldürüb. Hadisədən əvvəl Gündüz Ələsgərov həyat yoldaşı ilə mübahisə edib. O, böyük qızının ona bənzədiyini, lakin daha sonra dünyaya gələn Mədinənin atasına oxşamadığını bildirib. Qadınla dalaşan 46 yaşlı kişi onu evdən qovub və daha sonra köməksiz vəziyyətdə olan körpəni boğaraq öldürüb. Hadisə vaxtı Gündüz Ələsgərovun 3 yaşlı digər qızı da evdə olub.   Məlumata görə, Gündüz Ələsgərov həyat yoldaşını döyüb və evdən çıxararkən uşaqları özü ilə götürməsinə imkan verməyib. O, hadisə vaxtı sərxoş olmayıb.  

Müəllif | Apa.Tv
Elvin Yaqubov