Qüdrət Həsənquliyev: "Xəstə uşaqlarla bağlı xüsusi fond yaradılmalıdır"
"Azərbaycanda xəstə uşaqların xaricdə müalicəsi ilə bağlı xüsusi fond yaradılmalıdır".
APA TV-nin xəbərinə görə, Milli Məclisin martın 4-də keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib ki, son vaxtlar xeyli uşaqlar müxtəlif xəstəliyə yoluxur və bəzi xəstəliklərin müalicəsi Azərbaycanda mümkün olmur: “Hesab edirəm ki, belə bir fond yaradılsa, Azərbaycanın iş adamları həmin fonda kifayət qədər vəsait köçürə bilərlər. Həmin fondun Müşahidə Şurası yaradılar, oraya ictimaiyyət nümayəndələri daxil edilər və vəsait şəffaf formada xərclənər. İmkansız uşaqlar da bundan faydalanar".
Millət vəkili Qənirə Paşayeva isə ölkədə Hepatit-C-yə yoluxma hallarının artmasından narahatlığını ifadə edib: "Hepatit-C ilə bağlı dövlət proqramına ehtiyac var. Bundan başqa, psixiatriya xəstəxanalarında çox ciddi dəyişikliklərə ehtiyac duyulur. Bu istiqamətdə ciddi problemlər var".
O bildirib ki, məktəbəqədər müəssisələrin Təhsil Nazirliyinin balansına keçməsi çox vacib məsələdir.