YAP-çı millət vəkilləri ABŞ-a etiraz etdilər
Hakim partiyadan olan deputatlar ABŞ Dövlət Departamentinin illik hesabatına etiraz ediblər. Sənəddə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yer almış müddəalar parlamentin iclasında kəskin narazılıqla qarşılanıb. APA TV-nin xəbərinə görə, deputat Siyavuş Novruzov bildirib ki, hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı yalnız bir fikir səsləndirilib, o da tamamilə qərəzli şəkildə: "Orada qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Separatçılar - yəni Dağlıq Qarabağı işğal edib, Ermənistan separatçıları da buna dəstək verib. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən verilmiş yalan, böhtan, şər xarakterli məlumatların hamısı bu hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də belə hadisələr baş verir".
Spiker Oqtay Əsədov isə Dövlət Departamentinin hesabatına edilən etirazları cavablandırıb: "Sevmirlər də bizi. Nə qədər problemlər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, problemlər yavaş-yavaş öz həllini tapacaq”.
İclasda çıxış edən başqa deputatlar da Azərbaycana qarşı bu cür qərəzli mövqeyinin ABŞ Dövlət Departamentinin əvvəlki illik hesabatlarda da əskini tapdığını bildiriblər.