Deputat: "Kabinet naziri olmaq olmaz"
"Ötən il Ombudsman aparatına 13 670 müraciət daxil olub".
APA TV-nin xəbərinə görə, bunu Parlamentin iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin 2013-cü ilə dair hesabatını təqdim edən Ombudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi isə ərizələrdən ibarət olub. Ötən il məhkəmə qərarların icra edilməsi ilə bağlı müvəkkilin ünvanına 697, polis orqanları ilə əlaqədar 1840 müraciət daxil olub. Ombudsman qadınlarda qeysəriyyə əməliyyatı aparılması nəticəsində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq, bu əməliyyatın qarşısının alınması üzrə ciddi tədbirlər görülməsini təklif edib. Daha sonra hesabat ətrafında müzakirələr olub. Müzakirələr zamanı çıxış edən deputat Zahid Oruc keçmiş nazirlər Füzuli Ələkbərovla Səfər Əbiyevi sərt tənqid edib: "Mən zamanında Füzuli Ələkbərovun istefasını buradan tələb edəndə "daha bu qədər konyukturaya dözmək olmaz" kimi demişdim. Altı ay o baş, altı ay bu baş prinsipi ilə işləmək olmaz. İndi Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyyatla məşğul olub, antixalq fəaliyyəti aparıb. O, cümlədən yeni müdafiiə naziri sübut edir ki, kabinet naziri olmaq olmaz”.
İclasın davamında çıxış edən millət vəkilləri Ombudsmanın hesabatını müsbət qiymətləndirərək, görülən işləri qənaətbəxş hesab ediblər. Müzakirələrdən sonra hesabatı səsə qoyaraq qəbul edilib.
Parlamentin növbəti iclası martın 14-də keçiriləcək. Növbəti plenar iclasda Nazirlər Kabinetinin illik məruzəsi təqdim olunacaq. Baş nazir Artur Rasizadə hesabat verəcək.