Putin: "Qoşunun qayıtmasına əmr vermişəm"

"Hələlik Ukrayna ərazisinə qoşun yeritməyə ehtiyac yoxdur".

APA TV-nin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. Lakin o, bunun istisna olmadığını vurğulayıb: "Bizim təlimlərin Ukraynadakı hadisələrlə heç bir əlaqəsi yoxdur. Bu, çoxdan planlaşdırılmışdı. Təlimlər bitib və mən onlara geri qayıtmaq əmrini vermişəm".

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsi yalnız ekstremal halda və legitim əsaslarla yəni, Viktor Yanukoviçin müraciəti əsasında ola bilər. Putin eyni zamanda qeyd edib ki, Ukraynanın şərq rayonlarında qanunsuzluq baş verərsə, Rusiya əlində olan bütün vasitələrdən istifadə edəcək.

Vladimir Putin bəyan edib ki, Krımdakı Ukrayna hərbi obyektlərini zəbt edən  kamuflyaj formalı insanlar əslində yerli özünümüdafiə dəstələrinin nümayəndələridir. O, həmçinin Krımdakı özünümüdafiə dəstələrinin hazırlanmasında Rusiyanın heç bir əli olmadığını vurğulayıb.

Rusiya prezidenti Ukraynada 2014-cü il fevral hadisələrini antikonstitusion çevriliş və hakimiyyətin silahlı yolla zəbt edilməsi adlandırıb. O, Ukraynadakı faktiki hakimiyyəti legitim saymır, lakin hesab edir ki, Viktor Yanukoviçin siyasi gələcəyi yoxdur.

 

Krımda baş nazir elan olunan Sergey Aksyonovun fəaliyyəti Putinin fikrincə, qanunidir. Onun sözlərinə görə, Aksyonovun seçilməsi zamanı bütün qanuni proseduralara riayət edilib.

 

 

Müəllif | Apa.Tv