UCARDA YOL QƏZASI: BİRİ HƏRBÇİ OLMAQLA ÜÇ NƏFƏR YARALANDI
Ucarda baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini, 24 yaşlı Rəhimov Elvin İbrahim oğlunun idarə etdiyi “VAZ-2104” markalı minik maşını, Ağdam rayon sakini, 31 yaşlı Mehdiyev Faiq Rasim oğlunun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü Elvin İbrahimov, sərnişini, 22 yaşlı Mahmudov Vüsal Əlağa oğlu və "Mercedes"in sərnişini, müddətdən artıq hərbi xidmət keçən 26 yaşlı Nuriyev Niyaməddin Qasım oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.