Suriyada döyüşmüş 47 Azərbaycan vətəndaşı müəyyənləşib - HESABAT

Azərbaycanda xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan və dörd nəfər xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə həsr olunmuş hesabatda bildirilir. Hesabatda qeyd olunur ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonasında döyüşmüş 47 nəfər şəxs müəyyən edilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfər saxlanılıb. Bundan əlavə Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla "cihad" pərdəsi altında Suriyaya döyüşməyə gedən dörd nəfər Rusiya vətəndaşı tutulub.

Hesabat dövründə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Keçirilən əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır.

Müəllif | Apa.Tv