2016-cı ildə Azərbaycanda “Formula 1” yarışları keçirilə bilər - AZAD RƏHİMOV

“Hazırda diqqət 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəlib. Ölkənin bütün idman cəmiyyətləri, idman sahəsində fəaliyyət göstərən insanlar və qurumlar öz qüvvələrini 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəldib və bu iş davam edir”. Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə tam hazır olacaq: “Bizi 2015-ci ildə ən böyük, ən möhtəşəm tədbir olan ilk Bakı Avropa Oyunları gözləyir. Biz həqiqətən də inanırıq ki, gələn il həmin vaxt oyunları keçirməyə tam hazırlıqlı olacağıq və əminik ki, ən gözəl, ən möhtəşəm oyunlar Bakıda keçiriləcək. Ölkə tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olub”.

Azərbaycanda “Formula 1” yarışlarının keçirilməsinə toxunan nazir qeyd edib ki, bununla bağlı altı aydan artıqdır danışıqlar aparılır: “Düşünürəm ki, artıq son mərhələdir. İmza atılanda elan olunacaq. Yarışın 2016-cı ildə keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd edilir. Bununla əlaqədar başda nazir Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı