Ötən il Azərbaycanda 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Ötən il Azərbaycanda insan alveri ilə məşğul olan 12 nəfərdən ibarət 5 cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il insan alverinin qurbanı olan 56 şəxs müəyyən edilib. Qurbanlardan 37 nəfəri sığınacaqlarda yerləşdirilib.
Hesabat dövründə korrupsiya hüquqpozmaları ilə əlaqədar 60 fakt aşkarlanaraq, 106 əməkdaş barəsində qanuni ölçü götürülüb. Ağır və xüsusilə ağır cinayətlər törədən 592 nəfəri birləşdirən 192 qrup və 71 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Axtarışda olan 402 nəfər təqsirləndirilən şəxs həbs edilib.
Bununla yanaşı ötən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər məsuliyyətə cəlb edilib. İl ərzində istehsalına və idxalına müvafiq icra orqanlarının razılığı alınmayan 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd disk aşkarlanaraq götürülüb.
Ötən il respublikada yol hərəkəti qaydalarının pozulmasına görə 2636 şəxsin sürücülük hüququ müxtəlif müddətlərdə məhdudlaşdırılıb. Həmçinin ötən il yol hərəkəti qaydalarını pozan sürücülər tərəfindən dövlət büdcəsinə 60 milyon manata yaxın vəsait ödənilib.