Ötən il Azərbaycan həbsxanalarında 102 məhkum ölüb

2013-cü ildə məhkumların zərərçəkənlərə vurduğu ziyan üzrə 1 milyon manatdan çox vəsait ödənilib. Bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. APA TV-nin məlumatına görə, hesabatda qeyd edilir ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində penitensiar müəssisələrdə 573 cinayət hadisəsinin qarşısı alınıb.

 

Hesabatda əsasən, ötən ildə 16586 təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçirilib. İl ərzində cəzaçəkmə müəssisələrində 102 ölüm halı qeydə alınıb. Vərəmdən ölənlərin sayı 33 faizdən çox azalıb. 2012-ci ildə vərəmdən ölənlərin sayı 26, 2013-cü ildə isə 16 nəfər olub.

 

Eyni zamanda Azərbaycanda 34 nəfər uşağın internat tipli dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, 13 nəfər uşaq övladlığa verilib, 51 uşaq isə bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmçinin, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən məzunlar üçün bir otaqlı 120 mənzillik binanın inşa edilməsi üçün zəruri tədbirlər görülüb.

 

Hesabat dövründə Ədliyyə Nazirliyi İcra Xidmətinin 25 əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib. İl ərzində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı istintaqı aparılan 971 işdən 513-ü üzrə ibtidai istintaq tamamlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv