HAVA YAĞINTILI OLACAQ
Martın 6-dan 7-nə keçən gecədən başlayaraq, martın 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Martın 7-si gündüzdən 8-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, martın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə isə martın 6-da əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman çiskin, lakin artıq 6-sı gecəyə doğru bəzi şimal rayonlarından başalayaraq hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Martın 7-də və 8-də bölgələrdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, lakin 9-da bölgələrdə və paytaxtda hava şəraiti nisbətən mülayim, gün ərzində əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Günorta saatlarında Mərkəzi Aran rayonlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 0-3 dərəcə isti müşahidə olunacaq".
Yaxın iki gündə Abşeron yarmadasında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərlə müqayisədə 5-7 dərəcə enməsi əksər meteohəssas insanlarda diskomfort hissi yaradacaq.