Bir ildə 8708 yanğın
Ötən il Azərbaycanda 8708, o cümlədən Bakı şəhərində 3196 yanğın hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, respublika üzrə hər gün orta hesabla 23 yanğın hadisəsinə çıxış qeydə alınıb. Yanğın nəzarəti məqsədilə 2013-cü ildə 137 mindən artıq obyektdə texniki müayinələr aparılıb. Nasaz vəziyyətdə istifadə edilən 4200-dən artıq qaz cihazının dövriyyədən ayrılması barədə aidiyyəti qurumlara göstərişlər verilib. Eyni zamanda 3900-dən artıq mənzilin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkarlanıb.
Hesabatda bildirilir ki, ötən il Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 556 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları keçirilib. Nəticədə 183-ü uşaq olmaqla 559 nəfər zərərçəkmiş şəxs xilas edilib, 77 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 97 dəfə nəqliyyat və digər qəzalara çıxış olub, 233 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşən 377 nəfəri xilas edib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 55 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.