Bakıda mənzilə SİLAHLI BASQIN: QADINI HƏDƏLƏYİB PULLARINI ALDILAR

Suraxanı rayonu, Ramana qəsəbəsi, dalan 4 A, mənzil 20 ünvanına silahlı basqın olub. Naməlum şəxslər ev sahibi 1970-ci il təvəllüdlü Məmmədova Elmira İkram qızının həyətinə soxularaq, qadından pul tələb ediblər. Həyat yoldaşının evdə olmamasından istifadə edən maskalı soyğunçular qadına hədə-qorxu gəliblər, istədikləri pulu verməyəcəyi təqdirdə ailə üzvlərini öldürəcəklərini deyiblər. Onlar evdə 20 min manat olduğunu deyərək, hamısını istəyiblər.

 

Lakin qadın evdə 16 min manatdan başqa pul olmadığını deyib və hamısını onlara verib. Zərərçəkmişin Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə verdiyi ifadəyə görə, soyğunçular 5 nəfər olub. Biri pusquda durub, 4-ü içəri soxulub. Qonşuluqda yaşayanların sözlərinə görə, bu, Ramana qəsəbəsində son günlər qeydə alınan 3-ü faktıdır: "Axşam olan kimi, evdə heç kimin olmadığı vaxt girirlər".

 

RPİ-dən APA TV-yə faktı təsdiqləsələr də, hadisə ilə bağlı əlavə məlumat verilməyib. Sadəcə bildirilib ki, soğyunçuluğu ailəyə yaxın şəxslərin törətməsi istisna deyil. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv