Rusiya 8 sərhəd məntəqəsini mühasirəyə aldı, Ukrayna “Sərhəd” əməliyyatına başlayır

Ukrayna hərbi qurumları Rusiya ərazisindən ölkəyə qanunsuz silahlı birləşmələrin, silah və sursatın keçirilməsinin qarşısını almaq üçün “Sərhəd” adlı xüsusi əməliyyata başlayıb. Əməliyyatda Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin şəxsi heyəti iştirak edir. Ukrayna tərəfi bütün sərhəd məntəqələrini gücləndirib, əraziyə əlavə qüvvələr və hərbi texnika cəmləşdirib. Dövlət Sərhəd Xidməti Krım ərazisindəki sərhəd məntəqələrinin mühasirədə saxlanmasına rəğmən öz funksiyasını həyata keçirdiyini bildirib. Ukrayna rəhbərliyi bütün hərbi birləşmələrin əvvəlki qaydada öz missiyasını yerinə yetirdiyini, təslim olma və fərarilik hallarının qeydə alınmadığını açıqlayıb. Rəsmi açıqlamada Ukraynanın 8 sərhəd-buraxılış məntəqəsinin Rusiya hərbçiləri tərəfindən mühasirəyə alındığı bildirilir. 

 

Krım ərazisində böhran daha da dərinləşir. Qara dənizdə dislokasiya yerinə gələn Ukraynanın “Ternopol” gəmisi naməlum silahlılar tərəfindən mühasirəyə alınıb və gəminin quru ilə əlaqəsi tam kəsilib. Heyətində 75 nəfər olan hərbi gəmi naməlum silahlılarla danışıqlara getsə də, bu cəhdlər nəticəsiz qalıb.

 

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov isə yeni təyinat barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Ukrayna Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq deputat Sergey Paşinski icra edəcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv