“Sovetski”də bank girovunda olan evlərin taleyi necə olacaq? - ARAŞDIRMA

Son günlər “Sovetski” adlanan ərazidə sökülən evlərlə bağlı əsas müzakirə olunan məsələlərdən biri sakinlərə ödəniləcək kompensasiyaların məbləğidir. Lakin sakinləri narahat edən digər bir məsələ də var. Burada sökülməsi nəzərdə tutulan evlərin qismi kredit müqabilində banklara girov qoyulub. Ekspertlərin hesablamalarına görə, sözü gedən ərazidə yerləşən 10 min mənzilin təxminən 15 faizdən çoxu girov kimi banka qoyulub. Təbii ki, evlərin kredit müqabilində girov qoyulmasında qanunsuz heç nə yoxdur. Kreditə ehtiyacı olan şəhər sakini evini girov kimi təklif edərək kredit götürüb. Məsələ ondadır ki, həmin ərazidəki mənzillər dövlət ehtiyacları üçün satın alınan zaman girovluqda olan evlər də sökülməlidir. Bəs, mövcud qanunvericilik və qaydalar ilə bu prosesi necə tənzimləyir?

 

İqtisadçı ekspert Vüqar Bayramlı APA TV deyir ki, mövcud qanunvericiliyə əsasən, bu cür daşınmaz əmlak növləri yalnız girovluqdan çıxarıldıqdan sonra satıla və ya sökülə bilər: “Əgər əmlak girovdursa, o zaman yalnız bankın icazəsi olduqdan sonra və ya banka olan borc qaytarıldıqdan sonra bu proses həyata keçirilə bilər. Qanunvericilik kommersiya məqsədi ilə və ya dövlət ehtiyacları üçün mənzillərin satın alınmasını ayrı-ayrı hallar kimi təsnifləşdirməyib. Bu isə o deməkdir ki, prosesə məsul icra hakimiyyəti qurumu mənzili dövlət ehtiyacları üçün alan zaman həmin mənzilə görə banka olan borcu ödəməlidir və həmin pul kompensasiya məbləğindən çıxılmalıdır”.

 

Daha sadə dillə desək, əgər vətəndaşın evi girov qoyaraq 20 min manat kredit götürübsə və onun kompensasiya kimi dövlətdən alacağı məbləğ 50 min manatdırsa, o zaman ona 30 min manat veriləcək. Qalan 20 min manat isə kreditin qaytarılması və evin girovdan çıxarılması üçün ödəniləcək. Təbii ki, iqtisadi və ya hüquqi baxımdan burada qeyri-adi heç nə yoxdur. Məsələ ondadır ki, kredit məbləğinin azaldılması banka kredit borcu olmuş vətəndaşın yenidən ev alma imkanlarını çətinləşdirir. Bu halda həmin vətəndaşın 30 min manata uyğun ev alma şansı azalır.

 

“Vətəndaş 2 ay öncə 30 min manatlıq kredit götürüb və buna görə də 6-8 faizlik komissiya haqqı ödəyib. O həmin krediti xərcləyib və müqavilədə göstərilən aylıq ödənişləri qaytarmaq imkanına malikdir. Digər tərəfdən, götürülən kredit qısa zamandan sonra geri qaytarılan zaman kredit götürən şəxsin ödədiyi komissiya haqqı, yumşaq desək, praktik olaraq batır. İndiki halda isə ödənişlər banka vaxtından əvvəl ödənildiyi üçün bu, artıq borclu vətəndaş üçün mənzil almaqda problem yarada bilər”.

 

Bəs, problemi necə həll etmək olar? Ekspertlər hesab edir ki, əgər həmin vətəndaşın Bakının başqa ərazisində əmlakı varsa, o zaman girov dəyişdirilir. Lakin araşdırmalar göstərir ki, "Sovetski”də yaşayanların böyük qisminin alternativ əmlakları yoxdur. Vüqar Bayramlının sözlərinə görə, dövlət ehtiyacları üçün mənzilin sənədləri hazırlanan zaman ev sahibinin kredit öhdəliyinə toxunulmur və kommersiya banklarının da maliyyə vəziyyətinə təsir göstərməmək üçün üç tərəfli müqavilə bağlanılır: “Bu zaman vəsait kredit vermiş maliyyə qurumuna ödənilir. Vəsait hesaba köçürülsə də, bank kredit borcunu həmin hesabdan silmir, pul bank tərəfindən blok edilir. Daha sonra vətəndaşa yeni mənzil almaq üçün müəyyən müddət verilir. Məsələn, anlaşmaya əsasən, vətəndaş 3 ay müddətinə yeni mənzil almalıdır. Bu zaman vətəndaş bank hesabına köçürülmüş vəsaiti yalnız daşınmaz əmlak almaq üçün istifadə edə bilər”.

 

Bu zaman digər problemin ortaya çıxmaması üçün banklar daha uzaqgörən addım atır. Belə ki, əgər vətəndaş 3 ay müddətində ev almazsa və ya borclu şəhər sakini yeni ev almaq fikrindən daşınaraq pulu başqa məqsədlər üçün istifadə etmək istərsə, o zaman kredit borcu bank tərəfindən silinir və vətəndaş qalan məbləği istənilən zaman hesabından çıxara bilir. Paytaxt sakinlərinin də yaranmış vəziyyətə münasibəti birmənalı deyil.

 

Hər halda yaranan problemli məsələnin həllində hələ bir sıra məqamlar ortaya çıxacaq. Əsas odur ki, problemlər yerində və qanunvericiliyə əsasən öz həllini tapsın.

 

Müəllif | Apa.Tv