Elman Mehdiyev özəl pensiya fondlarından danışdı
"Dövlət pensiya təminatına yığım komponentinin fəaliyyəti könüllü sosial sığortalanma əsasında reallaşdırılacaq".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Xəzər Avropa Klubunun təşkil etdiyi tədbirdə deyib. O bildirib ki, icbari tibbi sığorta və özəl pensiya fondları məsələsi ayrı-ayrı məsələlərdir. İcbari tibbi sığorta birbaşa səhiyyənin maliyyələşdirilməsi mexanizmidir: "Biz DSMF olaraq, sosial sığorta sistemində fərdi uçotu uğurla reallaşdırmışıq. Bu sahədəki təcrübəmizi bölüşə bilərik. İki məsələ daimi müzakirə olunur. Birincisi, özəl pensiya fondlarına ödənən sosial sığorta haqlarının könüllü və icbari əsaslarla olmasıdır. İkinci məsələ isə özəl pensiya fondlarının fəaliyyətinin ölkənin qiymətli kağızlar bazarının inkişafı səviyyəsində aparılmasıdır".
Fondun Vergilər Nazirliyi və Əmək Müfəttişliyi ilə birgə ötən dövr ərzində uğurlu tədbirlər həyata keçirdiyini deyən Elman Mehdiyev bunların sırf inzibati tədbirlər olduğunu bildirib.