Bakıda qazdan 80 NƏFƏR ZƏHƏRLƏNDİ, 1 NƏFƏR ÖLDÜ

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov ünvanında yerləşən 4 yaşayış binasına verilən qaz kütləvi zəhərlənməyə səbəb olub. Qazdan zəhərlənən 100-ə yaxın sakin xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə 50-dən çox təcili yardım maşını gəlib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sözügedən ünvanda yaşayan sakinləri təxliyə ediblər.

 

APA TV-nin xəbərinə görə, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da hadisə yerinə gəlib. O, zərərçəkmiş sakinlərlə söhbət edərək, faktla bağlı araşdırmanın aparılması ilə üçün göstəriş verdiyini söyləyib.

 

Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildirdiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib. Onun sözlərinə görə, bu maddə insanlarda halsızlıq yaratsa da, ölümə səbəb olmur.

 

Qeyd  edək ki, hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Nazirliyin əməkdaşları ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmalara başlayıblar. Onlar öncə qazın tərkibini yoxlayaraq, zəhərli maddələrin olub-olmadığını öyrənməyə çalışıblar.

 

Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsindən verilən məlumata görə, zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata düşüb. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Sakinlərin bildirdiyinə görə, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.  Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər. 

 

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra bilinəcək.

 

Müəllif | Apa.Tv