Kütləvi zəhərlənmədən zərərçəkən 40 nəfər xəstəxanadan buraxılıb

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə daxil olan 40 nəfər evə buraxılıb.

 

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA TV-yə deyib ki, xəstələr ambulator müayinə olunduqdan sonra evə buraxılıblar: “Mərkəzə daxil olarkən xəstələrin vəziyyəti orta-ağır idi. Gətirilənlər arasında uşaqlar və yaşlılarda vardı. Onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda mərkəzdə zəhərlələn vətəndaş yoxdur. İlkin məlumatlara görə, hadisə təbii metan qazından baş verib”.

 

Xatırladaq ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov ünvanında yerləşən 4 yaşayış binasına verilən qaz kütləvi zəhərlənməyə səbəb olub. Qazdan zəhərlənən 100-ə yaxın sakin xəstəxanaya çatdırılıb. Halı pisləşən 45 yaşlı qadın ölüb. Hadisə yerinə 50-dən çox təcili yardım maşını gəlib. Həmin ünvanda yaşayan sakinlər təxliyə ediliblər.

 

Müəllif | Apa.Tv