Rusiya qoşunları Krımın 5 hərbi hissəsini tərk edib
Rusiya qoşunları texnika ilə birlikdə Krımın 5 hərbi hissəsindən geri çəkilib. Ukrayna mətbuatının yaydığı məlumata görə, mülki geyimli şəxslər isə sərhəd buraxılış məntəqələrini hələ də blokda saxlayır. Onlar Rusiya qoşunlarının yerini dəyişdirməsindən ehtiyatlanaraq, özlərini mümkün təxribatlara hazırlayıblar. Yayılan məlumatlara əsasən, işğalçı dəstə Sudak rayonu istiqamətində hərəkət edib və bu ərazidə böyük meşə ərazisi olduğundan onların ATƏT müşahidəçilərindən məhz burda gizlənəcəkləri ehtimal edilir.
APA TV-nin xəbərinə görə, hərbi hissələrin mühasirəsi bir qədər zəifləyib, ardınca kamuflyajda, fərqləndirici nişanı olmayan silahlı insanlar geri qayıdaraq, Ukrayna hərbi hissələrini mühasirəyə almağa və səngərlər qazmağa başlayıblar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında iddia etmişdi ki, Krımın strateji obyektlərini zəbt edən, fərqləndirici nişanı olmayan bu silahlı şəxslər yerli özünümüdafiə dəstələrinin üzvləridir və belə bir forma və müasir silahı mağazadan almaq mümkündür.