Səhiyyə Nazirliyi: LÖKBATANDA 115 NƏFƏR ZƏHƏRLƏNİB
Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş təbii qazdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı açıqlama verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya deyib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib. Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub: “Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hazırda heç bir xəstəxanada zəhərlənən insan yoxdur, onların vəziyyəti yaxşı olduğundan evə yazılıblar”.
Hadisə yerində 45 yaşlı Natalya Məmmədovanın ölməsinə gəlincə A. Qədirli qeyd edib ki, onun təbii qazdan zəhərlənmə nəticəsində öldüyü ehtimal olunmur. Hazırda məsələ ilə bağlı ekspertiza və cinayət işi açılıb. Bütün səbəblər onların nəticələrindən sonra məlum olacaq.