"Rossia Today" kanalının ameriaklı aparıcısı canlı yayımda istefa verib
Rusiya RT kanalının amerikalı aparıcısı Liz Vol canlı yayımda işdən çıxdığını bəyan edib. İstefasını Rusiyanın Ukraynadakı fəaliyyəti ilə əlaqələndirən televiziyanın Vaşinqton bürosunun müxbiri Rusiya hökuməti tərəfindən maliyyələşən və Putinin hərəkətlərinə haqq verən şirkətin işçisi ola bilməyəcəyini deyib. Daha öncə RT- nin amerikalı aparıcısı Ebbi Martin də efirdə Rusiya qoşunlarının Krıma yeridilməsini pisləmiş və bunu hərbi işğal adlandırmışdı.
Bu arada Latviya xarici işlər nazirliyi persona non-qrata elan etdiyi Ukrayna vətəndaşlarının siyahısını açıqlayıb. Siyahıda birinci yeri Viktor Yanukoviç tutur. Siyahıda Yanukoviçin iki oğlu siyasətçi Viktor Yanukoviç və sahibkar Aleksandr Yanukoviçin də adı var. Bundan başqa, daxili işlər Naziri Vitaliy Zaxaraçenko, müavini Viktor Ratunşyak, sabiq baş prokuror Viktor Pşonko olmaqla 15 hökumət və dövlət rəsmisi persona non-qrata elan edilib.
APA TV-nin xəbərinə görə, Avropa Birliyi Ukraynada dövlət əmlakının mənimsənilməsində şübhəli bilinən 18 keçmiş dövlət və hökumət rəsmisinin bank hesablarını dondurub. Sanksiya siyahısına daxil edilən rəsmilərin başında Viktor Yanukoviç durur.
Ukraynanın keçmiş hökumətinin iqtisadi məsələlər üzrə köməkçisi Andres Aslunda bildirib ki, Yanukoviçlər ailəsinin əmlakının ümumi məbləği 12 mlrd dollardan artıqdır. Viktor Yanukoviç isə xarici banklarda hesabının olmadığını bildirib.