İƏT baş katibi: “Ermənistan Azərbaycanı təcavüzə və işğala məruz qoyub”
“İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və ölkənin Ermənistan tərəfindən təcavüz və işğala məruz qalması faktını tanıyır”.
APA TV-nin xəbərinə görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının baş katibi Amin Madani deyib. O, bütün 57 üzv ölkə ilə birlikdə bu barədə dəqiq mövqe ortaya qoyduqlarını söyləyib: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələr qəbul edib. Bu sənədləri yerinə yetirmək lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu qətnamələrin icrasını təmin etmək üçün siyasi iradə göstərməli və səmimi olmalıdır".
Amin Madani Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı daxilində aktiv fəaliyyətini təqdir etdiyini bildirib. O xatırladıb ki, ötən il BMT TŞ-də sədrlik edən Azərbaycan BMT və İƏT arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş təşkil edib. Baş katib Azərbaycanın Şərqi Yerusəlimin inkişafında rolundan da danışıb.
Amin Madani Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.