Krım parlamenti Rusiyaya birləşməyə qərar verdi
Krım parlamenti Rusiyaya birləşmək barədə qərar qəbul edib. “Lenta.ru”nun yaydığı məlumata görə, Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.
Bu qərardan qısa müddət əvvəl isə parlament martın 30-na təyin olunan referendumun vaxtını və sualını dəyişib. Ümumxalq səsverməsi martın 16-da keçiriləcək və orada Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.
Yerli sakinlər Krımın Rusiya Federasiyasına daxil olması təklifinə və 1992-ci il konstitusiyasının bərpasına münasibət bildirəcək.
Həmin konstitusiyaya əsasən, muxtar respublika Ukrayna tərkibinə daxil olur və onunla münasibətlərini müqavilə və sazişlər əsasında tənzimləyir.
APA TV-nin xəbərinə görə, yeri gəlmişkən, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə Komitəsinin sədri Aleksey Puşkov deyib ki, Ukraynada gerçəkləşən hakimiyyət çevrilişinin əsas hədəfi ölkəni NATO-ya üzv etməkdir. O bildirib ki, Maydandakı müxalifətin kirayələdiyi snayperlər buna etiraz edənləri öldürüb.
Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə və Ukraynanın digər bölgələrində kütləvi aksiyalar nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.