OTURMA, ÖLDÜRƏR! OFİS İŞİNİN ZƏRƏRLƏRİ BARƏDƏ REPORTAJ
Düşünə bilərsiniz ki, ofis işinin nəyi zərərli ola bilər? Bütün günü yayda sərin, qışda isti işıqlı otaqda oturursan, istədiyin vaxt qəhvə içirsən və işini görürsən. Amma mütəxəssislər hesab edir ki, ofis işçiləri iş saatı başlayandan bitənə qədər hiss olunmaz təhlükələrlə üzləşirlər. Əksər hallarda, bu təhlükələr qulaqardına vurulur, nəzərə alınmır və xırda, əhəmiyyətsiz şeylər sayılır. Nəticə isə müxtəlif xəstəliklər, orqanizmdəki fəsadlar, ən yaxşı halda iş vaxtı bitəndə yorğunluq və halsızlıqla müşayiət olunur. Psixoloq Təhminə Çələbi hesab edir ki, oturaq həyat tərzinin mənfi cəhətləri çoxdur. Çünki belə işdə çalışanlar adətən, günəş şüalarından məhrum olduğu, monoton işlədiyi üçün onların orqanizmində "bəxtəvərlik hormonu" adlandırılan serotoninin miqdarı da az olur.
Psixoloq Təhminə Çələbi hesab edir ki, monoton həyat tərzi zamanı insan heç nədən zövq ala bilmir. Bunun nəticəsində isə stress yığılır. Nəticə etibarı ilə belə insanlarda xroniki depressiyalar yığılır. Amma insan bəzən bunun fərqində belə olmur. Aqressiyasını işdən sonra evə gətirir, hətta yeməklərin belə dadının dəyişməsindən şikayətlənir. Deyingən olur, bu cür həyat tərzinə daha çox kişilərdə rast gəlinir. Təhminə Çələbi deyir ki, ofis işçiləri həftənin 45-70 saatını oturaq vəziyyətdə keçirirlər. Ona görə də bazar günləri divanda uzanmaq yox, aktiv istirahət etmək lazımdır. Bir çox ofis işçiləri belə rejimə alışıb və vərdişlərini dəyişmək istəmirlər. Adətən, oturaq işləri olanlar piyada gəzməyi də sevmirlər. Bu ona görədir ki, uzun müddət oturduqda, ayaq əzələləri zəifləyir. Bütün bunlar isə xroniki xəstəliklərlə nəticələnə bilər. Psixoloq APA TV-yə bildirib ki, əgər insan xroniki depressiyaya məruz qalıbsa, bundan mübarizə ilə çıxmaq mümkündür. Situasiyanı dəyişmək alınmırsa ona yanaşma dəyişməlidir.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Rafiq Yusifli isə deyir ki, oturaq iş rejimində çalışan insanlar hər şeydən əvvəl ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər. Bunun səbəbi düzgün olmayan qidalanma, stress, siqaret, fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində ürəyə qanın zəif axınıdır. Mütəxəssis deyir ki, oturaq həyat tərzi, az hərəkətlilik ürək damar sistemi xəstəlikləri, eləcə də bir sıra endokrenik xəstəliklər, xüsusi ilə şəkərli diabet üçün ciddi risk amili hesab olunur. Əgər əvvəllər insanların 95 faizi fiziki işlə, 5 faizi oturaq işlə məşğul olurdusa, bu rəqəm indi tam əksinədir. Bütün bunlar beyində və orqanizmin digər üzvlərində damarların müəyyən qədər inkişaf etməməsi və atreskleroz prosesin baş verməsi ilə nəticələnir. Bunlar da infarkta və beyin insultuna yol açır. Kardioloq hesab edir ki, heç bir tibbi pereparat fiziki fəallığı əvəz edə bilməz. Həkim oturaq iş rejimində çalışanlara məsləhət verməyi də unutmur: "Həftədə 4-5 dəfə hər biri 45-50 dəqiqə sadəcə piyada gəzmək mütləqdir. Ürək damar sistemin fəaliyyəti normaldırsa yüngül qaçış da etmək olar. Bundan əlavə üzgüçülüklə məşğul olmaq ən təhlükəli xəstəliklərin qarşısını alır. Çünki suyun dəri ilə kontaktı bilavasitə sinir sistemini sakitləşdirir”.
Rafiq Yusifli vurğulayır ki, ofisdə çalışanların təxminən 30 faizi isə bel və boyundakı ağrılardan şikayətlənir. Əksər hallarda çiyin, boyun, qol və hətta pəncə əzələləri ağrıyır. Səbəb eyni pozada saatlarla oturmaqdır. Təbii ki, iş yerlərində aktiv idmanla məşğul olmaq üçün şərait yoxdur. Amma ən sadə fiziki hərəkətləri yerinə yetirmək olar. Ən azı başınızı yelləyin, aşağı-yuxarı əyin ki, boyun əzələləriniz hərəkət etsin. Biz bu məsələyə Bakı sakinlərinin fikrini də öyrəndik. Münasibət müxtəlif oldu. Əksər respondentlərin fikrincə, ofisdə işləmək havanın quruluğu, toz və kompüterlə çalışmağa görə çətindir. Ofisdə çalışanlar üçün daha bir risk amili iş günü başlayandan sonadək kompüter monitoruna baxmaqdır. Bu barədə Avropa Səhiyyə Araşdırmaları Fondu xəbərdarlıq da edir: “Gözlərin dincəlməməsi görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb ola bilər.” Yeri gəlmişkən, ABŞ, Yaponiya, Avropa Birliyi ölkələri, Çin, Fars Körfəzi ölkələrində ofis piylənməsi problemi elə geniş miqyas alıb ki, iri şirkətlər, konsernlər və korporasiyalar sağlam həyat uğrunda mübarizəni özlərinin korporativ prioritetləri sırasına daxil ediblər. Ofisdə çalışanlara fitnes-klublara güzəştli qiymətlərlə biletlər təklif olunur, ofis binalarında liftlər söndürülür, hətta bəzən arıqlayanlara qurtulduqları kiloqramlara görə mükafat verilir. Müsahiblərimin qənaətincə, piylənmə və izafi çəki ilə mübarizəyə səhər və axşam saatlarında 15 dəqiqəlik piyada gəzinti, habelə iş günü ərzində yüngülvari gəzişmə kömək ola bilər. Əgər ofisdə nahar fasiləsi 1 saatdırsa, bu vaxtın yarım saatını yeməyə, qalan hissəsini isə gəzintiyə sərf etmək lazımdır. İstənilən halda, ofisdə çalışarkən unutmayın ki, yaxşı əməkdaş və çalışqan işçi olmaqla yanaşı, orqanizminizin sağlamlığına da diqqət verməlisiniz.