Saxta QHT-çilər ev tikdirmək istəyənlərin 150 min manatını mənimsəyiblər

Sabirabadda vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslərdən biri yaxalanıb. Rayon sakinləri Əliyev Muradəli tanışları Əlimirzə Cəfərov, Hafiz Zeynalov və qeyriləri ilə qabaqcadan əlbir olub imkansız ailələrə özlərini QHT nümayəndəsi kimi təqdim edərək vətəndaşları aldadıblar. Onlar ev tikdirmək istəyənləri aldadaraq, yalan vədlər veriblər. Həmin şəxslərin hər birindən əvvəlcədən tikiləcək evin qiymətinin 10 faizini, yəni 3 min manatını ödəmələrini istəyiblər. Bu əməlləri ilə Muradəli Əliyev İmişli, Zərdab, Kürdəmir və Sabirabad rayonlarında eyni üsulla bir qrup sakini aldadaraq, pullarını dələduzluq yolu ilə ələ keçirib. Həmçinin, Muradəli Əliyev vətəndaşlara sosial yardım, təqaüd düzəltmək, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumları həbsdən azad etdirmək adı ilə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib.

 

APA TV-nin xəbərinə görə, istintaqın indiki mərhələsində həmin şəxslərin törətdiyi cinayət nəticəsində 50 nəfər zərərçəkmişə 150 min manat məbləğində maddi ziyan vurulub.  Muradəli Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində Sabirabad rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.  

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı