Refat Çubarov: "Rusiyaya birləşmək barədə qərarı ağılsızlar qəbul edib"
Rusiya Federasiya Şurası Krım parlamentinin Muxtar Respublikanın Rusiyanın tərkibinə qatılması ilə bağlı tələsik qərarını məqsədəuyğun hesab etmir. APA TV-nin xəbərinə görə, Rusiyalı senator, Federasiya Şurasının Ukraynadakı vəziyyəti monitorinq üzrə komissiyasının üzvü Valeri Şnyakinin sözlərinə görə, Rusiyanın mövqeyi məlumdur: “Bütün hakimiyyət orqanları Krım parlamentinin mövqeyini dəstəkləyir. Səbr etmək və 16 martda keçiriləcək referendumu, ümumxalq iradəsinin nəticələrini gözləmək lazımdır. Qərb ölkələrini narahat etmək lazım deyil”.
Onun fikrincə, Krımdan başqa, Ukraynanın Şərq regionlarında da referendumun keçirilməsi gözləniləndir.
Krım Tatar Məclisinin sədri Refat Çubarov isə Ukrayna telekanallarına müsahibəsində bildirib ki, Krım parlamentində Rusiyaya birləşmək barədə qərarı ağılsızlar qəbul edib. Onun sözlərinə görə, Krımda hadisələr çox sürətlə inkişaf edir və beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyünün müdafiəsi üçün təcili addımlar atmalıdır. O qeyd edib ki, Krım tatarları digər etnik qruplarla birlikdə təxribata uymamağa və sabitliyi qorumağa çalışır.
Bu arada Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsinin mümkünlüyü haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına gələn həftə baxacaq. Sənədin müzakirəyə çıxarılıb-çıxarılmayacağına martın 10-da qərar veriləcək.