ABŞ Rusiyaya VİZA SANKSİYASI TƏTBİQ ETDİ

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları rəsmən açıqlayıb. APA TV-nin xəbərinə görə, prezident Barak Obama bəyan edib ki, Rusiyaya qarşı viza məhdudiyyətləri tətbiq edilir və Ukraynadakı demokratik institutlar və prosesləri pozan fəaliyyətə görə məsuliyyət daşıyan şəxslərin bank hesabları dondurulur. Barak Obama onu da bəyan edib ki, vəziyyət pisləşsə, digər tədbirlər də görülə bilər.

Qeyd edək ki, sanksiya tətbiq edilən şəxslərin siyahısında Rusiya prezidenti Vladimir Putinin adı yoxdur. ABŞ administrasiyasının nümayəndəsi bunu onunla əsaslandırıb ki, dövlət başçılarına qarşı sanksiyalar fövqəladə şəraitlərdə tətbiq olunur və Ağ ev indidən Vladimir Putinin adını sanksiya siyahısına daxil etmək niyyətində deyil.

 

Barak Obama bildirib ki, Ukraynanın gələcəyi ilə bağlı istənilən diskussiya bu ölkənin qanuni hökuməti ilə aparılmalıdır.

 

ABŞ prezidenti Rusiya və Ukrayna hökumətləri araçında beynəlxalq ictimaiyyətin iştirakı ilə birbaşa danışıqların vacibliyini də vurğulayıb.

 

Barak Obama Krımda keçirilməsi nəzərdə tutulan referenduma da münasibət bildirib. O, deyib ki, referendum Ukrayna Konstitusiyası və beynəlxalq hüququn pozulmasıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv