Krım Ali Radasının qərarı ilə bağlı cinayət işi başlandı, Obama Rusiyanı təhdid edir

“Rusiyanın addımları Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında ABŞ prezidenti Barak Obama deyib. Onun fikrincə, Rusiya və Ukrayna hökumətləri beynəlxalq birliyin himayəsi altında birbaşa danışıqlara başlamalıdır. Vladimir Putin isə deyib ki, Kreml Krımdan kömək üçün edilən müraciətlərə laqeyd yanaşmayacaq.

 

Daha bir ölkə Viktor Yanukoviçə məxsus bir neçə milyon avro vəsaitə həbs qərarı qoyub. Ölkənin maliyyə naziri bildirib ki, həbs qərarı Ukraynanın sabiq hökumətinin 18 sabiq üzvünün nəzarətində olan şirkətlərin bank hesablarına şamil edilib. Sabiq nazirlər bu şirkətlər vasitəsilə Ukrayna büdcəsindən milyardlarla avro vəsait çıxarıblar.

 

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Andrey Maqera bəyan edib ki, Krımdakı de-fakto hakimiyyət martın 16-da muxtar vilayətin Rusiyanın tərkibinə daxil olmasına dair referendum keçirə bilməyəcək. Onun sözlərinə görə, MSK qanunsuz referendumla bağlı Krım və Sevastopolda seçicilər siyahısına girişi müvəqqəti olaraq bağlayıb. Maqera bildirib ki, referendum seçicilər siyahısı olmadan keçirilə bilməz, Krımın de-fakto hakimiyyətinin isə əlində belə siyahı yoxdur.

 

Ukrayna Təhlükəsizlik Xidməti isə Krım Ali Radasının muxtar vilayətin Rusiyaya birləşməsinə dair səsvermənin istintaq araşdırmasına başlayıb. Ukrayna Baş Prokurorluğu isə Kiyev inzibati dairə məhkəməsinə müraciət edərək Krımda referendum keçirilməsinə dair Krım Ali Radasının çıxardığı qərarın qanunsuz sayılmasını istəyib. 

Müəllif | Apa.Tv