Ölkəyə son model avtobuslar gətirilir
"Avropa oyunları ilə əlaqədar olaraq ölkəyə son model avtobuslar gətiriləcək. Bu zaman onların "Avro-4" standartlarına uyğun olması əsas şərt kimi götürüləcək." Bunu APA TV-yə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov bildirib. Yeni avtobusların daha komfortlu olacağını deyən qurum sözçüsü onu da deyib ki, minlərlə turistin, eyni zamanda ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ictimai nəqliyyatda ciddi təhlükəsizlik qaydalarına nəzarət mexanizmi də yaradılacaq. Avtobuslarda izləmə kameraları quraşdırılması da nəzərdə tutulub. Namiq Həsənov bildirib ki, ictimai nəqliyyatda videokameraların quraşdırılması ilk əvvəl pilot layihə kimi bir neçə marşrut xəttinə yerləşdirilib. Lakin, yeni kart sisteminə keçid bu işin bir qədər genişləndirilməsini ləngidib. Namiq Həsənov ictimai nəqliyyatda bəzən sərnişinlərin xoşagəlməz hallarla üzləşdikləri məsələlərə də münasibət açıqlayıb. "Daxili İşlər Nazirliyinə, eyni zamanda bizə də cibgirlərlə bağlı tez-tez müraciətlər edilir. Kameraların quraşdırılması bu tip cinayətlərin azalmasına, eyni zamanda törədilən cinayətlərin qısa zaman ərzində açılmasına da şərait yaratmış olacaq." İl ərzində ictimai nəqliyyat parkının dəyişdirilməsinin nəzərdə tutulduğunu deyən Namiq Həsənov onu da bildirib ki, bununla əlaqədar xarici şirkətlərlə danışıqlar aparılır. Nazirliyin nəzdində yaradılan araşdırma qrupu il ərzində istismara yararsız avtobusların təhlilini apararaq onların xətdən çıxarılaraq yeniləri ilə əvəzlənməsini təşkil edəcək.