Ər-arvadı öldürən cinayətkar dəstənin daha iki üzvü tutuldu
Göyçayda ər və arvadı qətlə yetirən qrupun iki üzvü də tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Göyçay şəhər sakinləri Ağasəf Quliyevi və arvadı Afaq Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - rayon sakini Pərviz Səlimov tutulub. Pərviz Səlimovun və ondan əvvəl tutulan Nicat Mustafayev və Musa Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Çayaxarı kənd sakini Seyidbaba Hüseynovla birgə Qızbəs Əliyevanın, Elxan Xəlilovun və Reyhan Bəyalıyevanın evlərindən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seyidbaba Hüseynov da tutulub. Xatırladaq ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Ağasəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib. İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilərək hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.