“Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib
Mətbuat Şurasının təşkilatçılığı ilə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə din amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri geniş müzakirə mövzusuna çevrilib. Şöbə müdiri Azərbaycandakı dini və milli tolerantlıq mühitinin bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dini dairələrin maraqlarına cavab vermədiyini təəssüflə qeyd edib.
“Dini radikallıq, ayrı-ayrı qrupların subyektiv maraqlarını dövlət maraqlarından üstün tutaraq ona zorla qəbul etdirmək cəhdlərinə Azərbaycan cəmiyyəti tərəfindən müqavimət göstərilir. Bunun qarşısı alınır, bundan sonra da alınacaqdır. Bu gün Azərbaycanda missionerlik, dini radikalizm dəhşətli, çətin, dözülməz vəziyyətdə deyil”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı isə çıxışında bildirib ki, Azərbaycan postsovet məkanında dini etiqad azadlığının qanunla tənzimləndiyi azsaylı ölkələrdən biridir. Onun sözlərinə görə, ölkəmiz çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç böyük səmavi dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər. Vüsalə Mahirqızı təəssüflə qeyd edib ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır.
"Amma burada çox incə bir məsələ var. Hesab edirəm ki, bizim bu gün daha çox müzakirə etməli olduğumuz və üstündə dayandığımız məsələ məhz budur. Missionerlik fəaliyyəti konkret dini inancın təbliğindən, din ətrafında olan insanların öz ətrafına dini baxışları ilə eyni insanları yığmaq platformasından çıxırsa, əgər qarşısına ayrı-ayrı dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin tərkibinə özünün dini inancını daşıyan insanların yerləşdirmək məqsədini qoyursa dövlətin baxışları və ideologiyası ilə, gələcək inkişaf platforması ilə bağlı hədəflər qoyursa, artıq bu fəaliyyət missionerlikdən çıxır”.
Vüsalə Mahirqızı deyib ki, missioner tipli təriqətlərdə əsas hədəflərdən biri də medianı nəzarətə almaqdır. Bu cür şəbəkələşmiş qurumlar istənilən dövlət üçün təhlükədir.
"Bu cür qurumlar özlərinin media şəbəkələrini yaradırlar. Həmin şəbəkələr təkcə media şəbəkəsi kimi fəaliyyət göstərmir, həm də olduqları ölkənin ictimai, mədəni elitasını həmin media şəbəkəsinin imkanlarından istifadə etməklə təbliğ edir. Onlar ayrı-ayrı liberal media qurumlarına öz nümayəndələrini yerləşdirirlər. Həmin nümayəndələr isə dini şəbəkələrin siyasi-ictimai məqsədlərini həyata keçirməyə çox yaxşı xidmət edə bilir".
Daha sonra çıxış edən digər şəxslər öz məruzələrində missionerliyin zərərindən və buna qarşı mübarizədə mətbuatın üzərinə düşən vəzifələrdən danışıblar.