Əli Həsənov: “Məmur kimi siyasətə, bu və ya digər cərəyana qoşuluruqsa, məmurluqdan çıxırıq”

Dövlət strukturunda çalışan hər bir məmur öz fəaliyyətini “Dövlət qulluğu haqqında” qanuna və işlədiyi orqanın əsasnaməsinə uyğun qurmalı, məsuliyyətli olmalıdır. Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 

 

"Məmur kimi bu və ya digər cərəyana, siyasətə qoşuluruqsa, məmurluqdan çıxırıq. Təəssüflər olsun ki, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Eyni zamanda həqiqəti danmaq istəyənlər də var. Bəzi siqnalların içərisində həqiqət də var, onları gizlətmək mümkün deyil. Azərbaycan insanının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşmaq meyarları eyni deyil. Bəzi insan var ki, sadiqdir, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq mümkün deyil. Bəzi insanlar var ki, bir söhbətlə onun fikrini dəyişmək, bu və ya digər məqsədlə istifadə etmək mümkündür. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarət və idarə edirik ”.

Əli Həsənov bildirib ki, dövlət qurumları fəallaşmalı, cəmiyyətdən gələn siqnallara daha həssas olmalıdır.

“Dövlət qurumları siqnalları toplamalıdır, yaxşısını-pisini müəyyən etmək sonranın işidir. Dövlət qurumu bu siqnalları təhlil etməli, qənaətə gəlməli və fəaliyyətini həyata keçirməkdə cəmiyyətdən siqnal verən təbəqələrin imkanlarından istifadə etməlidir. Dövlətin resursları həm də mətbuat, ictimai təşkilatlar, fəal vətəndaşlar və intellektual elitadır. Onların imkanlarından istifadə etdikcə dövlət daha tez uğur qazanır. İstifadə etmədikdə çox şeyə nail olmaq mümkün deyil. Ona görə də dövlət qurumları sosial şəbəkələrdən, mətbuatdan gələn siqnalları götürməli, sosial şəbəkədə, mətbuatda kiminləsə debata girməməlidir. O, gələn siqnalları götürüb ümumiləşdirməli, səhv olanları təkzib etməlidir”.

Əli Həsənov Azərbaycanda dövlət-din münasibətlərinin Konstitusiya, qanunlar və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə tənzimləndiyini diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv