Prezident İlham Əliyev paytaxt yollarında aparılan tikinti ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev martın 7-də paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi prosesini izləyib. Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bu prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometrə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur. Yenidən qurulmuş Müzəffər Nərimanov küçəsi üzrə dördzolaqlı yolun ümumi uzunluğu 1740, eni 19 metrdir.

 

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının yerləşdiyi əraziyə gəlib. Bildirilib ki, yol qovşağının girişlərlə birlikdə uzunluğu 600 metrdir. 328 metr uzunluğunda olan körpü iki istiqamətdə altızolaqlıdır.
 

Daha sonra prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində-Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.
 

Qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidinin inşa olunduğu qeyd edilib. Layihəyə əsasən, qovşaqda yan və tunelüstü yollar inşa olunur. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək.
 

İnşaat işlərinin gedişi ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq göstərişlərini verib.

Müəllif | Apa.Tv
Apa.tv