Azərbaycanda vahid soyad sonluğuna keçiləcəkmi? - REPORTAJ

"Azərbaycanda soyad sonluqları haqqında qanun qəbul edilərsə, yeni soyadlardan istifadə məcburi olacaq. Ancaq bu, yalnız yeni doğulmuş uşaqlara şamil ediləcək".

 

Bunu APA TV-yə  Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü Nizami Cəfərov bildirib. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadının "ov" və "yev" şəkilçiləri ilə bitdiyini deyən millət vəkili bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya yeni sənəd işləyərək Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabinetində həmin sənəd üzərində iş aparılır. Sözügedən sənədə əsasən, soyad sonluqlarının 6 variantı təqdim edilib. Bunlar "lı", "li", "lu", "lü"- (Bayramli), "zadə"- (Bayramzad), "oğlu" (Bayramoğlu), "gil" (Bayramgil), "soy" (Bayramsoy) sonluqları ilə bitən və şəkilçisiz (Bayram) formadır: "Tədqiqatlar göstərdi ki, bu gün ölkəmizdə əhalinin 10 faizi "zadə" soyad sonluğundan istifadə edir. Bu, İran mənşəli forma olsa da, İranda türklər tərəfindən işlədilir. Eyni zamanda bir sıra türk xalqlarının dilində də bu "zadə" şəkilçisi soyad sonluğu kimi işlədilir. Biz soyad formaları barədə hər hansı bir sənəd qəbul edərkən mütləq Dünya Azərbaycanlıları da nəzərə alınmalıdır".

 

Komitə sədri deyir ki, ölkə vətəndaşları arasında "lı", "li" şəkilçilərindən soyad sonluğu kimi istifadə edən şəxslərin faiz göstəricisi isə 10 %-dən artıqdır. Tövsiyə edilən soyad sonluqları içərisində şəkilçisiz variantın daha diqqət çəkən olduğunu deyən Nizami Cəfərov hesab edir ki, əsrlər boyu dahi mütəfəkkirlər soyadlarında şəkilçisiz variantdan istifadə edilblər. Rəsul Rza, Hüseyn Cavid, Əhməd Cavad, Hüseyn Arif kimi şair və yazıçıların adlarında rast gəlinsə də, ümumilikdə Azərbaycanda bu varianta az rast gəlinir: "Tövsiyə olunan variantlardan biri də "oğlu" formasıdır ki, bu soyad sonluğun hələ ki, azlıq təşkil edir. Ümid edirik ki, Qanun qəbul edildikdən sonra "oğlu" soyadı daha çox yayılacaq. Bu soyad sonluğunu təklif etdiyimiz zaman "qızı" soyadını da təklif etsək də, qəbul edilmədi. Artıq qadınlar da "oğlu" soyadı sonluğunu götürə biləcəklər. Məsələn Sara Məmmədoğlu və ya Mehdi Əhmədoğlu".  

 

Nizami Cəfərov deyir ki, tövsiyələr içərisində eksperimental soyad sonluqları da  var ki, bunlar "gil" və ya "soy" şəkilçiləridir. Bu şəkilçilərin isə o qədər də geniş işlənməyəcəyi ehtimal edilir. Millət vəkili vahid soyad sonluğunun qəbul edilməsinin mümkünsüz olduğunu deyir.

 

80 illik tarixi dövr ərzində istifadə edilən "ov", "yev" soyad sonluqlarının ləğv edilərək yerinə milli şəkilçilərin bərpa edilməsi paytaxtın yaşlı sakinləri arasında narazılıqla qarşılansa da, gənclər soyad sonluqlarının dəyişməsinə müsbət yanaşırlar.

 

Ölkədə məşhur nəsillərin nümayəndələri olan Talışinski, Şəkinski, Şıxlinski kimi soyadların dəyişilib-dəyişilməməsi istiqamətində müzakirələr aparılır.

 

Müəllif | Apa.Tv