Tovuzda saxlanan erməni bir müddət əvvəl Ermənistana təhvil verilən Mamiko Xocayanın qohumudur
Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşının kimliyi məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, həmin şəxs Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991 təvəllüdlü Xocayan Arsen Ananyeviçdir. Arsen Xocayan dindirilmə zamanı qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. Onun həmçinin bir müddət əvvəl cəbhənin eyni istiqamətində Azərbaycana tərəfə keçmiş və bu günlərdə Ermənistana təhvil verilmiş Mamiko Xocayanın qohumu olduğu da məlum olub.
Bu barədə “Aysor.am”a M. Xocayanın qızı məlumat verib. Varin Qarmiraxbuyr kənd administrasiyasının rəhbəri Kamo Çobanyan isə bildirib ki, Arsen Xocayan həmin kəndinin sakinidir, çobandır, həmin gün qoyun otarırmış.
Kamo Çobanyanın sözlərinə görə, martın 7-də həmin ərazidə qatı duman olub və ehtimal olunur ki, Arsen Xocayan azaraq qarşı tərəfə keçib.